15.12.2015
Dekabrın 15-də Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə dəvət edilib və ona etiraz notası təqdim olunub. Rəsmi məlumata görə, notada ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin 9 dekabr 2015-ci ildə Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi, erməni lobbi təşkilatları və Konqresdə Ermənistan üzrə işçi qrupun təşkil etdiyi “Artsaxın müstəqilliyinin ildönümü” başlıqlı qurama tədbirə qatılması və tədbir çərçivəsində özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın yaratdığı qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyanla görüşünə kəskin etiraz bildirilir.
Notada qeyd edilir ki, birbaşa Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı olan bu səpkidən olan tədbirlərdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədrinin iştirakı Minsk qrupunun həmsədrlik institutunun mandatına tamamilə ziddir və onun neytrallığı və qərəzsizliyinə kölgə salır. Bu kimi addımın kütləvi miqyaslı dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan Azərbaycanın ərazi bütövlüyünə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyətin legitim olaraq tanınmaması barədə ABŞ-ın rəsmi siyasətinə zidd olduğu da diqqətə çatdırılır.
Notada ABŞ ərazisində qondarma rejimin “təmsilçi”lərinin ictimai kampaniyalar və digər fəaliyyətlərə qoşulmasına şərait yaradılmasının Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin irəlilədilməsinə yardım etmədiyi, onsuz da mürəkkəb olan prosesin daha da gərginləşdirilməsinə xidmət etdiyinin dəfələrlə ABŞ Dövlət Departamentinin diqqətinə çatdırıldığı vurğulanır.
Sənəddə həmçinin Ermənistan tərəfinin təxribat xarakterli addımlarına adekvat reaksiyanın göstərilməməsinin onun cəzasızlıq hissini daha da artırmasına, qanunsuz rejimin “təmsilçi”lərinə hər hansı bir vəzifədə və ya məqsədlə ABŞ-a daxil olmasına icazə verilməsinin isə Ermənistanın qeyri-konstruktiv mövqeyində qalmasına və Azərbaycan ərazilərinin işğalını davam etdirməsinə rəvac verdiyi vurğulanır.
11 aylıq makroiqtisadi göstəricilər
15.12.2015
Dövlət Statistika Komitəsi 11 aylıq makroiqtisadi göstəriciləri açıqlayıb (Göstəricilər). Transparency.az rəsmi məlumata əsaslanıb bildirir ki, 2015-ci ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər 50,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,1 faiz çox ümumi daxili məhsul istehsal edib.
Əlavə dəyərin 33,7 faizi sənayedə, 13,7 faizi tikintidə, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə, 18,7 faizi isə digər sahələrdə istehsal olunub.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil edib.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1,9 faiz artaraq 5255,5 manata bərabər olub.
Mərkəzi Bankın məlumatlarına görə, 2015-ci il noyabr ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 18,6 milyard manat təşkil edib, onun 14,2 milyard manatı uzunmüddətli kreditlər olub. Kreditlərin həcmi 2014-cü il noyabr ayının 1-i ilə müqayisədə 4,1 faiz artıb.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7 faizini təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 2015-ci il noyabr ayının 1-nə 7,2 milyard manat olub.
İlin əvvəlindən əhalinin sayı 94,3 min nəfər və ya 1 faiz artaraq 2015-ci il noyabr ayının 1-nə 9687,3 min nəfərə çatıb.
Hesablama Palatası “Azərenerji” Açıq Səhmdar Cəmiyyətini yoxlayıb (Nəticələr)
16.12.2015
Hesablama Palatasının kollegiya iclasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələrinə baxılıb. Transparency.az bildirir ki, dekabrın 15-də yayılan rəsmi məlumata görə, yoxlama qrupunun rəhbərinin məruzəsindən sonra fəaliyyət istiqaməti üzrə auditor müəyyən edilmiş nəticələr və təqdim edilmiş tövsiyələrlə bağlı məlumatı diqqətə çatdırıb. O bildirib ki, “Azərenerji” ASC dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib etməyib: “Birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki iqtisadi əsaslandırılması və qiymətləndirilməsi təmin olunmayıb, tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması və həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi baxımından ekspertizadan keçirilməsi təmin edilməyib, müvafiq qaydaların tələblərinə uyğun olaraq tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri müəyyən edilməyib”.
Auditor bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığını, layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyini, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyini, işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən birbaşa müqavilələrin bağlandığını bildirib. O, bir neçə obyektin başa çatdırılmasına baxmayaraq dövlət qəbul komissiyasında istismara qəbul olunmadığını, amma həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyini vurğulayıb.
Rəydə nöqsanları aradan qaldırmaq üçün tövsiyələr yer alır. Qeyd olunur ki, ASC obyektlərin layihə-smeta sənədlərini podratçı təşkilatların hazırlaması, eləcə də işlər yerinə yetirilmədən uzun müddətə podratçı təşkilatlarda büdcə vəsaitlərini debitor borc kimi saxlamaqla həmin təşkilat üçün əlavə dövriyyə vəsaitinin yaradılması hallarına yol verilməməsi sahəsində nəzarəti gücləndirməlidir.
Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarı səsə qoyularaq qəbul edilib.
|